Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib


Noyabrın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib.

Simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri, xüsusilə urologiya və onkologiya sahələrində olan yeniliklər və eyni zamanda, problemlər müzakirə olunub.

Beynəlxalq uroonkologiya simpoziumunda çıxış edən Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan mütəxəssislər uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəklər. Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmağa, həm də təcrübə mübadiləsi aparmağa imkan verir. Fuad Quliyev ölkədə bütün sahələrdə olduğu kimi uroonkologiya sahəsində də ciddi irəliləyişlər olduğunu bildirib.

Sonra tanınmış uroloq, professor Kamal Abdullayev, professor Serdar Tekgül (Türkiyə) və digər mötəbər qonaqlar çıxış edərək belə möhtəşəm tədbirin Azərbaycanda keçirilməsindən məmnun olduqlarını, uroonkologiya sahəsində dünyaca məşhur mütəxəssislərin təcrübə mübadiləsinin inkişafa səbəb olacağını vurğulayaraq simpoziumun işinə uğurlar arzulayıblar.

Simpoziumda “Urologiya təlimində standartlar”, “Azərbaycanda uroonkoloji xidmətin təşkili”, “Prostat xərçənginin diaqnostikasında MRİ və füzyon biopsiya”, “Prostat xərçənginin skrininqi: mənfi və müsbət tərəfləri”, “Prostat xərçəngində fokal terapiya”, “Prostat xərçəngində aktiv müşahidə”, “Radikal prostatektomiya: Mən bunu necə edirəm”, “Çox yüksək riskli prostat xərçənginin cərrahi müalicəsi”, “Metastatik prostat xərçənginin müalicəsində yeni dövr”, “Qeyri-invaziv sidik kisəsi xərçəngində və ya yuxarı traktın şişlərində inkişaf etmiş görüntüləmə”, “Ortotopik sidik kisəsi: bizim təcrübəmiz”, “Hissəvi nefrektomiyada hemostaz üsulları”, “Laparoskopik radikal nefrektomiya: böyrək şişlərinin effektiv müalicə üsulu”, “Böyrək xərçəngində sitoreduktiv cərrahiyyənin yeri”, “Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti”, “Laparoskopik adrenalektomiya: kimə və necə? ”, “Metastatik böyrək xərçənginin müalicəsinə müasir yanaşma” və digər mövzularda məruzələr dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

III Beynəlxalq Uroonkologiya Simpoziumu ərəfəsində bu tədbirin tərkib hissəsi kimi, noyabrın 15-də Milli Onkologiya Mərkəzində ekspertlərin iştirakı ilə təlim və bir sıra laparoskopik əməliyyatlar keçirilib.

Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 16 kredit vahidi verilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.