Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib

        Dekabrın 18-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda hibrid formatda IV Beynəlxalq uroonkologiya simpoziumu keçirilib.

   IV Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Fuad Quliyev açaraq, tədbir iştirakçılarını  MOM-un Baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb. F.Quliyev  Cənubi Qafqazın ən böyük və ən müasir innovativ avadanlıq və texnolgiyalarla təchiz olunmuş  Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək, ölkədə bütün sahələrdə olduğu kimi, uroonkologiya sahəsində də ciddi irəliləyişlər olduğunu vurğulayıb.

   O, bildirib ki, simpoziumun işində  Azərbaycanlı həkimləri ilə  yanaşı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransadan olan mütəxəssislər də uroonkoloji xəstəliklərlə bağlı  təqdimatlarla çıxış edəcəklər. Bu cür tədbirlər həm Azərbaycan səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmağa, həm də təcrübə mübadiləsi aparmağa imkan verir. F.Quliyev bildirmişdir ki, simpoziumda onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaqdır.

AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbədən və onun doğurduğu böyük ruh yüksəkliyindən danışıb. Torpaqlarımızın azad olunması uğrunda haqq savaşında həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Simpoziumda “Yuxarı sidik yolları xərçənginin müalicəsinə müasir yanaşma”, “MRT-nin prostat vəzi xərçənginin diaqnostikasında rolu”, “PSA və MRİ-fusion biopsiyası”, “Yüksək risk qrup xəstələrində radikal prostatektomiya”, “Oliqometastatik prostat vəzi xərçəngi”, “Metastatik prostat vəzi xərçəngində molekulyar diaqnostika və 177Lu/225Ac-PSMA ilə target müalicə”, “Laporoskopik radikal nefrektomiya: Böyrək şişlər üçün qızıl standart”, “Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti”, “Sidik kisəsinin xərçəngönü xəstəlikləri”, “İnvaziv sidik kisəsi xərçənginə yanaşma: EAU Guidelines”, “İnsidental adrenal törəmələrə yanaşma” və “Laporoskopik adrenalektomiya: Biz bunu necə edirik?”   mövzularında məruzələr dinlənilmişdir.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmış, simpoziumun əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

Simpozium Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 5 kredit vahidi verilib.