Sədr müavini professor Əliyev Əziz Cəmil oğlu

Əziz Cəmil oğlu Əliyev – tibb elmlər doktoru, professor. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən).

Əziz Cəmil oğlu Əliyev, 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib.

1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakultəsinə daxil olub.

1992-ci ildə Azərbaycan Respublikasının Dövlət proqramı ilə təhsilini Amerika Birləşmiş Ştatlarında (ABŞ) davam etdirib və 1999-cu ildə Nyu-York Universitetində təhsilini bitirib.

1999-cu ildən 2002-ci ilədək Pittsburg Tibb Universitetinin klinikasında (ABŞ) rezidenturada təhsili davam edib. Rezidentura müddəti ərzində baş-boyun nahiyyəsindəki şişlərin cərrahi müalicəsi üzrə rotasiyalar keçib.

Vətənə qayıtdıqdan sonra Azərbaycan Tibb Universitetinə işə qəbul olunub.

2003-cü ildə ABŞ-da müdafiə edilmiş elmi işi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilib və  tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 2008-ci ildə onkologiya üzrə tibb elmləri doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya uğurla müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

2009-cu ilin may ayından 2010-cu ilin noyabr ayınadək cərrah tibb diplomunu Almaniyada təsdiqləyib.

2011-ci ildə cərrah tibb diplomunu Avstriyada təsdiqləyib.

2011-ci ildən 2013-cü ilədək Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində calışıb.

2013-cü ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Tibb Universitetinin müalicə işi üzrə prorektor vəzifəsində çalışıb.

2013-ci ilin may ayından Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır.

2014-cü ildən “Azərbaycan Onkologiya Jurnalı”n  redaksiya heyətinin üzvüdür.

2015-ci ildən “onkologiya” və “şüa diaqnostikası və terapiyası” ixtisasları üzrə Dissertasiya şurasının üzvüdür.

2015-ci ildən Milli Onkologiya Mərkəzinin Elmi şurasının üzvüdür.

2015-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru təyin olunub.

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə onkologiya üzrə “professor” elmi adına layiq görülüb.

2016-cı ildə Amerika Birləşmiş Ştatlarında Sloan-Kettering Xərçəng mərkəzində “baş və boyun onkologiyası” üzrə cərrah beynəlxalq diplomu layiq görülüb.

Professor Ə. Əliyev Amerika Birləşmiş Ştatların və Avropa Onkoloqlar Cəmiyyətinin klinik onkologiya üzrə cəmiyyətlərinin üzvüdür. Azərbaycanda professor Ə.C. Əliyev baş-boyun şişləri diaqnostikası və müalicəsi sahəsində aparıcı mütəxəssisdir və öz praktikada ən qabaqcıl tibbi texnologiyalardan istifadə edir. Onun elmi-praktik fəaliyyətinin ən mühüm istiqamətlərindən biri qalxanabənzər vəzin patologiyası problemidir. Professor Ə.C. Əliyevin rəhbərliyi ilə qalxanabənzər vəzin xərçəngi və xərçəngönü xəstəliklərinin ilkin diaqnostikası və müalicəsinin kompleks proqramı hazırlanmışdır. Bu proqrama uyğun olaraq son bir neçə il ərzində epidemioloji və molekulyar-genetik tədqiqatlar aparılır. Hazırki tədqiqatların əsas məqsədi qalxanabənzər vəzi xərçənginin yaranmasının önəmli risk faktorlarının təyini və xəstəliyin profilaktikası proqramlarının işlənib hazırlanması olmuşdur.

Qalxanabənzər vəzi xərçənginin diaqnostikası və müalicəsində professor Əziz Əliyev ən qabaqcıl tibbi texnologiyalardan istifadə edir: qalxanabənzər vəzin nazik iynə biopsiyası, radionuklid müayinə, SPECT-CT (birkanallı pozitron-emission kompyuter tomoqrafiya), radioaktiv yod ilə terapiya və s. aiddir. Aparıcı diaqnostika metodlarının tətbiqi şişin yayılma dərəcəsinin daha yüksək informativlik ilə təyininə və sonradan radioaktiv yod ilə terapiyanın nəzərdə tutulması ilə adekvat cərrahi müdaxilələrin aparılmasına imkan yaradır.

Professor Ə.C.Əliyevin digər elmi-praktik istiqamət maraqları çərçivəsinə qırtlaq xərçəngi aiddir. Xüsusən, onun tərəfindən xəstələrə qırtlağın çıxarılmasından sonra sərbəst danışmaq imkanı verən xüsusi cihaz kliniki praktikaya tətbiq edilmişdir. Bundan başqa, qırtlaq xərçəngin erkən mərhələlərdə lazer cərrahiyyəsi tətbiqi orqan qoruyucu əməliyyatların keçirilməsi asanlaşdırır və şüa terapiyasını istifadəsi qarşısını alır. Eyni zamanda, professor Ə.Əliyev baş və boyun nahiyyəsinin dərisinin xərçəngi, dilin, qulaqətrafı və çənəaltı vəzlərin xərçəngi müalicəsində ən müasir metodlar istifadə edir.

Özünün elmi araşdırmalarının nəticələri ilə müntəzəm olaraq müxtəlif Beynəlxalq konqreslərdə, konfranslarda və qurultaylarda çıxış edir. Onkologiya sahəsində gələcək tədqiqatların inkişafı üçün Milli Onkologiya Mərkəzinin Avropanın və ABŞ-nın MD Anderson Cancer Center (Houston, Texas, USA) qabaqcıl elmi-tədqiqat mərkəzləri kimi  elmi mübadilə haqqında sazışlərin imzalanmasında professor Ə.C. Əliyevin böyük rolu olmuşdur.

Təcrübəli səhiyyə təşkilatçısı kimi Ə.C.Əliyevin başçılığı altında Respublikada beynəlxalq konfranslar və konqreslər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Eyni zamanda bu konfranslar tək Bakıda yox, Azərbaycanın digər şəhərlərində (Naxçıvan, Gəncə, Qəbələç Şəki və s.) keçirilir. Professor Ə.C.Əliyevin bu konfranslarda etdiyi araşdırmaların nəticələrinə dair məruzələri praktik həkimlərə və rezidentlərə də böyük yardım göstərir.

Professor Ə.C.Əliyevin təşəbbüsü və iştirakı ilə Milli Onkologiya Mərkəzinin nəzdində və Beynəlxalq Xərçəng Xəstəlikləri Assosiasiyasının üzvü qəbul olunan "Azərbaycan Milli Xərçəng Xəstəlikləri Registri (OnkoRegistr)"  yaradılmışdır. 

Onun rəhbərliyi ilə 4 fəlsəfə doktorluq dissertasiya işi yerinə yetirilir.

Ə.C.Əliyevin onkologiya sahəsində 40 dərc olunmuş elmi işi var, onlardan:1 monoqrafiya, 4 dərslik, 1 metodik tövsiyə.

Azərbaycan, rus, ingilis və alman dillərini bilir.

Ailəlidir, iki uşağı var.

Atası – akademik Əliyev Cəmil Əziz oğlu, Milli Onkologiya Mərkəzinin direktoru, anası – Əliyeva Dilşad Hüseyn qızı, Azərbaycan Dövlət Neft və Sənaye univetsitetinin dosenti.