Azərbaycan Onkoloqlar Cəmiyyəti
Azərbaycan Onkoloqlar Cəmiyyəti onkologiya və digər tibbi sahələrdə elmi-tədqiqat və praktiki işlərdə çalışan tibb işçilərinin könüllü təşkilatıdır. Azərbaycan Onkoloqlar Cəmiyyəti 1972-ci ildə təsis edilmişdir və öz fəaliyyətini 1989-cu ilə qədər davam etdirmişdir. 2005-ci ildən akademik Cəmil Əliyevin sədrliyi ilə AOC-un fəaliyyəti yenidən bərpa edilmişdir.
Azərbaycan Onkoloqlar Cəmiyyətinin əsas vəzifələri aşağıdakılardır:
- Cəmiyyətin üzvlərinin kvalifikasiyalarının, bilik və bacarıqlarının yüksəldilməsi;
- Tibbi onkologiya eliminin nailiyyətlərinin səhiyyə seqmentinin ictimaiyyəti və geniş əhali kütlələri arasında geniş təbliği;
- Onkologiya sahəsində yerli səhiyyə ocaqlarına elmi-metodiki və praktiki köməyin göstərilməsi, qabaqcıl təcrübənin və yaxud yeni nailiyyətlərin öyrənilməsi və praktikada tətbiqi;
- Onkologiya üzrə elmi işlərin və əhaliyə tibb yardımın keyfiyyətinin yüksəldilməsinə dair əsaslandırılmış təkliflərin işlənib hazırlanması;
- Əhaliyə göstərilən onkoloji yardımın keyfiyyətinin daha da yaxşılaşdırılması sahəsində irimiqyaslı layihələrin hazırlanmasında iştirak etmək;
- Əhaliyə göstərilən onkoloji tibbi yardım üzərində ictimai nəzarətin həyata keçirilməsini tənzimləmək;
- Mərkəzi və yerli orqanlarda onkologiya üzrə elmi işlərin əlaqələndirilməsi , perspektiv və cari planların hazırlanması, habelə bu planların yerinə yetirilməsi prosesinə ictimai nəzarətin cəlb olunması;
- Beynəlxalq elmi əlaqlərin qurulması, mütəxəssis, eləcə də qabaqcıl texnologiyalar sahəsində mübadilə prosesinin təmin edilməsi.
Onkologiya sahəsi üzrə bilik mübadiləsinin aparılması, bu sahədə calışan həkimlərin nəzəri biliklərini və təcrübəsini artırmaq, o cümlədən bu sahədə yeni elmi nailiyyətlərin tanışlıq məqsədilə Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən hər ay iclaslar təşkil edilir. Hər iclasda həkimlər tərəfindən onkologiya üzrə müxtəlif mövzularda 1-3 məruzə dinlənilir və müzakirələr aparılır.